İnsanın psixoloji vəziyyəti dişlərə təsir edir

Alimlər müəyyən ediblər ki, dişlərin və damaqların sağlamlığı xeyli dərəcədə insanın psixoloji vəziyyətindən asılıdır. Daimi stresslər, uzunmüddətli depressiya və həyəcan, tənhalıq hissi cox vaxt parodontun xəstəlikləri ilə müşayiət olunur ki, onlar da bir sıra hallarda dişlərin itirilməsinə səbəb olur.

Parodont dişi əhatə edən və onun çənə sümüyündə fiksasiyasını təmin edən toxumalar kompleksidir. Parodontun ən geniş yayılmış xəstəlikləri gingivit, parodontit və parodontozdur. Bu xəstəliklərin xarakterik əlamətləri damaqların tez-tez qanaması, ağızdan xoşagəlməz iy gəlməsi, dişlərin laxlaması, ağır hallarda hətta onların tökülməsidir.

Amerika periodontologiya akademiyasının alimləri son 16 il ərzində apardıqları tədqiqatlarının nəticələrini açıqlayıblar. Məlum olub ki, bu nəticələrin 57 faizi parodont xəstəliklərinin inkişafının psixoloji amillərdən birbaşa asılılığının olmasını təsdiq edir. Bu psixoloji amillər sırasında yüksək həyəcanlılıq səviyyəsi, depressiya, güclü tənhalıq hissi, xroniki stress vəziyyətinin adları çəkilir.

Tədqiqatçılar güman edirlər ki, psixoloji amillərlə parodont xəstəlikləri arasındakı əlaqə stress hormonu adlandırılan kortizolun təsirindən irəli gəlir. Bu hormonun səviyyəsinin yüksəlməsi parodont xəstəlikləri üçün səciyyəvi olan əlamətlərin üzə çıxmasına, damaqların və çənə sümüklərinin zədələnməsinə səbəb olan amillərdən biri kimi çıxış edə bilər.

Bundan əlavə, ağır stress keçirən insanlarda davranışın, adət etdikləri yaşam tərzinin dəyişməsi də müəyyən rol oynaya bilər: “Belə vəziyyətdə insanlar ağız boşluğunun gigiyenasına daha az diqqət yetirir, alkoqoldan, nikotindən və dərmanlardan istifadəni artırırlar. Bunlar da parodont xəstəliklərinin artmasına təsir edir”, – deyə Amerika periodontologiya akademiyasının prezidenti Preston Miller qeyd edib.

Televiziya və radio günü

«Danışır Bakı!»
6 noyabr – Azərbaycanda radio və televiziya işçilərinin peşə bayramı günüdür.
Klinikamızın adından bütün radio və tv işçilərini təbrik edirik…

28 iyul – “Ümumdünya Hepatit Günü”dür

2010-cü ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Dünya Hepatit Birliyi (DHP) tərəfindən 28 iyul  bütün dünyada insanların diqqətini hepatit xəstəliyinə çəkmək məqsədilə “Dünya Hepatit Günü” kimi təyin olunmuşdur. Bu günün məhz iyulun 28-də qeyd olunması hepatit B virusunu kəşf edən və ona qarşı birinci vaksini yaradan,  bu nailiyyətə görə Nobel mükafatına layiq görülən professor Baruch Blumbergin anadan olduğu tarixlə bağlıdır.

Bu tarix  “Ümumdünya Hepatit Günü”qlobal ictimai səhiyyə problemi olaraq bilinən hepatit xəstəliyi barədə daha geniş anlaşmanın təbliğinə və bütün dünya ölkələrində yoluxmaya qarşı maarifləndirmə və profilaktik tədbirlərin gücləndirilməsinə xidmət edir.

Hazırda dünyada 400 milyona yaxın insan hepatit xəstəliyinə yoluxub. Hər il dünyada təxminən 1,4 milyon insan hepatitdən dünyasını dəyişir. Xəstələrin yalnız 5%-i xronik hepatitə yoluxduğunu və 1%-dən azı müalicə oluna bilir. Artıq hepatit xəstəliyi tam müalicə oluna bilən xəstəlikdir. Hepatit xəstəliyinə yoluxmuş insanların yaşadığı ölkələrdə lazım olan tibbi təchizat və xəstəliyə qarşı mübarizə aparmaq imkanı olarsa 2030-cu ilə qədər hepatitlə mübarizədə böyük məsafə qət etmək olar. Hepatit xəstəliyinə yoluxanların təqribən 95%-i infeksiyadan xəbərsizdir. Buda dünyada maarifləndirmə işlərinin yetərli olmadığı və yoxsul ölkələrdə laboratoriyalarda müayinə prosesinin mürəkkəb və bahalı olması ilə bağlıdır.

Gigiyena qaydalarına diqqət edilmədiyi zaman çox sürətlə yayılan hepatit xəstəliyinin 7 novu var. Hepatit A, Hepatit E, Hepatit F virusları qida maddələrinə bulaşaraq insan orqanizminə daxil olur. Hepatit B, Hepatit C, Hepatit D, Hepatit G virusları isə müxtəlif təmaslarla insan orqanizminə bulaşır. Hepatit C Virusu (HCV), bu virusların içərisində ən təhlükəlisi hesab edilir.

ÜST-nin yeni çərçivə proqramındakı prioritetlərin birincisi olan hepatit xəstəlikləri ilə mübarizə aparmaq üçün Azərbaycanda da çox əhəmiyyətli işlər görülür. Xəstələrin müalicəsi üzrə klinik protokolun hazırlanması, xəstələrin dəqiq qeydiyyatının aparılması, müayinələrin nəticələrindən asılı olaraq, xəstələrin ambulator və stasionar müalicəsinin klinik protokola uyğun təşkilinə nəzarət edilir.

Müayinə, peyvənd və müalicə olmaq lazımdır!

Hepatitdən qorunmaq üçün orqanizmdə hepatit virusunun olub olmadığını bilmək üçün qanın müayinəsi və mümkün olan hallarda peyvənd aparılmalıdır. İstifadə olunan iynə və digər tibbi proseduralar üçün yalnız steril avadanlıqlar istifadə edərək riskləri azaltmaq olar. ÜST hər il 780 000 nəfərin ölümünə səbəb olan Hepatit B virusuna qarşı peyvənd aparılmasını tövsiyə edir.

Karboksiterapiya nədir

Karboksiterapiya – dəri altına karbon dioksid qazının vurulmasıdır. Vurulan qaz intensiv şəkildə qan və limfa dövranını artırır və mübadilə proseslərini sürətləndirir. Bunun nəticəsində oksigen, vitaminlər və mikroelementlərin lazım olan bölgələrə rahatlıqla çatmasına yol açılır. Dioksid qazının orqanizmə heç bir əks təsiri yoxdur.

Karboksiterapiyanın nəticələri: göz altı torbalar və göyərmələrin mükəmməl bir şəkildə aradan qaldırılması, üz dərisinin cavanlaşması ,liftinqi və bərpası, dəri dartılmalarının və sellülitin müalicəsi,hamiləlikdə yaranan çatların yox edilməsində:

Dəri çatları karboksiterapiya müalicəsi ilə də bərpa edilir. Karbon qazı müalicəsi dəri altına inyeksiya vasitəsilə toxumadakı regional maddələr mübadiləsinin sürətləndirilməsi əməliyyatıdır. Müalicə sürətli, rahat və son dərəcə təsirli, cərrahiyyə müdaxiləsi olmayan bir üsuldur. Çatları yox edərək, bədənin köhnə hamar halına dönməsini təmin edir.

Saç tökülməsinin qarşısının alınmasında effektiv müalicə üsuludur.

Fizioterapevt -Həkim Mustafayeva Aybəniz.

 

Urologiya

Urologiya- kişi və qadın sidik-cinsiyyət sistemində mövcud olan xəstəliklərin etiopatogenezi, diaqnostikası və müalicəsi ilə məşğul olan tibbin bir bölməsidir.

 

 

 

 

 

 

Urologiyanın aşağıdakı bölmələri var:

Andrologiya-kişi cinsiyyət orqanlarının inkişafı və bu orqanlarda infeksiyaların törətdiyi xəstəliklərləməşğul olur. Bu xəstəliklərə, anadangəlmə problemlər (uşaqlarda fimoz), iltihabi proseslər (prostatit, uretrit, sistit ) və törəmələr aidddir.

Uroginekologiya-uroloji və ginekoloji xəstəliklərin bir-biri ilə əlaqəsini öyrənir.

Uşaq urologiyası-uşaqların sidik-cinsiyyət orqanlarının inkişafı və bu orqanlarda olan xəstəliklərlə məşğul olur.

Qeriatrik urologiya-ahıl yaşda olan insanların sidik cinsiyyət orqanlarında problemlərin diaqnostika və müalicəsi ilə məşğul olur.

ELT

Aparatın təyinatı:

Cinsi fəaliyyətin pozulması ilə fəsadlaşmış prostat vəzinin, toxum kisəciklərinin, uretranın xroniki iltihabı xəstəliklərin müalicəsi;

Müalicə patologiya nahiyəsinə kompleks təsir yolu ilə təmin olunur: dörd dalğalı lazer şüalanması, bipolyar (ikiqütblü) stimullaşdırıcı elektrik impulsları, daimi maqnit sahəsi;

Müalicənin effektivliyi təsir parametrlərinin fərdi seçilməsi və onların pasientin nəbzi ilə sinxonizasiyası (uyğunlaşdırılması) yolu

ilə əldə olunur.

Fərqləndirici xüsusiyyətləri:

Rejimlərin və kanalların idarə olunması personal kompüter və əlavə idarə pultu ilə yerinə yetirilir.

Avtomatlaşdırma sayəsində prosedur göz önündə aparılır.

Aparılmış prosedurların parametrləri avtomatik sənədləşdirilir.

Müstəqil proqramlaşdırma imkanı və yaradılmış müalicə alqoritmi yaddaşda saxlanılır.

 

Aparatın təyinatı:

Kişi cinsi orqanının (penisin) kavernoz cismlərinin damar aparatında degenerativ dəyişiklərin aradan götürülməsi, prostat vəzinin qan təhcizatını və trofikasını (qidalanmasını) yaxşılaşdırılması.

Varikosel nədir?

Varikosel-kişi sonsuzluğunun əsas səbəblərindən biridir. Sonsuzluq şikayəti ilə müraciət edən kişilərin 40%-da, ümumi populyasiyanın 15-20%-də , Amerikada hərbi xidmətə gedənlərin isə 20%-də varikoselə rast gəlinir. Varikosel xayalardan çirklənmiş qanı geri daşıyan damarların hədsiz genişlənməsi nəticəsində qanın geri axmasıdır. Nəticədə xayalarda qan dövranının pozulması skrotal temperaturun və toksik maddələrin artması, spermatogenezin pozulmasına (spermanın sayının, hərəkətliliyinin və morfologiyasının) və sonsuzluğa səbəb olur. Bəzən varikosel olan xaya və xayaətrafı nahiyədə ağrı olur. Uşaqlarda və yeniyetmələrdə varikoselin olması xayaların inkişafını ləngidir, bu isə spermatogenezi dayandırır. Varikosel nə qədər uzun müddət davam edərsə, mənfi təsiri də bir o qədər çox olur. Bunu nəzərə alaraq, varikosel diaqnozu qoyulan zaman, mikroskopik əməliyyata göstəriş olan pasientlərin qısa zaman ərzində müalicə olunması tövsiyyə olunur. Gənc yaşlarda ailə quran, varikoselin təsirinə məruz qalmadan 1 övlad sahibi olan, lakin uzun illər 2-ci uşaq sahibi ola bilməyən kişilərin 70%-də varikoselə rast gəlinir.

Varikosel hansı şikayətlərə səbəb olur?

Varikosel əsasən xayalarda şişkinlik, ağrı və sonsuzluqla müşahidə olunur. Uzun müddət ayaqda duran zaman, ağır işlər gördükdə ağrılar arta bilir.

Diaqnozu necə qoyulur?

Varikosel fizik müayinə zamanı gözlə görülə, əllə hiss edilə bilir və ehtiyac olan hallarda doppler ultrasəs müayinə (reflüksün olması) ilə müəyyən olunur. Əsasən sol tərəfli, bəzən sağ tərəfli, az hallarda iki tərəfli olur.

Varikosel nə vaxt müalicə edilməlidir?

Varikosel müalicə edilə bilən bir patologiyadır. Spermaqrammada olan dəyişikliklər (sperma sayının, hərəkətliliyinin azalması və morfologiyasının pozulması) qeyd olunur, ən az 2 patoloji spermaqrammanın olması, infertil (sonsuzluq) şikayətinin olması, hormonlardakı dəyişikliklər, əsasən FSH (follikul stimullaşdırıcı hormon) və T- nun (testosteron) miqdarının dəyişməsinə fikir verilməlidir. Yüksəlmiş FSH zamanı varikoselin müalicəsi çox az effektli olur. Qeyd edilən hallar kompleks halda görüldüyü zaman varikosel müalicə edilməlidir. Uşaqlar və yeniyetmələrdə isə varikosel olan xayanın digərinə nisbətən 20% həcm itkisinin olması müalicə üçün əsas göstərişdir.

Hansı üsulla müalicə olunur ?

Varikoselin medikal (dərman) müalicəsi yoxdur, yeganə müalicəsi cərrahi üsuldur. Bu günə qədər istifadə olunan cərrahi üsullardan yalnız mikroskopik cərrahiyə dünya üzrə qəbul edilmişdir. Mikroskopik cərrahiyyə varikoselin müalicəsi üçün 99% effektli bir üsuldur və bu əməliyyat yalnız uroloq-androloq tərəfindən aparılmalıdır. Qasıq nahiyəsində kiçik bir kəsiklə əməliyyata başlanılır, 8 dəfə böyütmə qabiliyyətinə malik mikroskop altında genişlənmiş damarlar bağlanılır. Əməliyyatdan sonra iki günlük istirahət və bir müddət cinsi əlaqədən qorunma kifayət edir. Əməliyatdan 3 ay sonra ilk spermaqrammanın, 6 ay sonra 2-ci analizin verilməsi tövsiyyə olunur. Hamiləliklərin böyük əksəriyyəti əməliyyatdan 5-6 ay sonra olur.

Pediatriya

Pediatriya- tibbin uşaq xəstəliklərini, bu xəstəliklərin müalicə və profilaktikasını öyrənən sahəsidir. Böyüməkdə olan uşaq orqanizminin xüsusiyyətləri, yaşla bağlı dəyişiklikləri, uşağa qulluq, eləcə də uşaqlarda rast gəlinən xəstəliklərin gedişini öyrənmək də bu elmin tərkib hissəsidir.

 

Pediatriya şöbəsində aşağıdakı xəstəliklərin müayinə və müalicəsi həyata keçirilir:

 

1.Uşaqlarda fiziki inkişafdan qalma və artiq çəki problemləri

 

2.Raxit

 

3.Spazmofiliya

 

4.Distrofiyalar

 

5.Hipovitaminozlar

 

6.Hipervitaminozlar

 

7.Diatezlər

 

Həzm sistemi xəstəlikləri:  qastrit, mədə və 12 barmaq bağırsaq xorası, öd yolları diskineziyaları, xolesistit, pankreatit, kolit, enterit, helmintozlar, disbakterioz

Tənəffüs sistemi xəstəlikləri: kəskin respirator xəstəliklərbronxit, pnevmoniya, plevrit, bronxial astma, pollinoz və digər allergik problemlər

Birləşdirici toxuma xəstəlikləri: revmatizm, revmatoid poliartrit, sistemli qırmızı qurd eşənəyi, dermatomiozit, düyünlü periarterit

İfrazat sistemi xəstəlikləri: qlomerulonefrit, pieolnefri, nefrotik sindrom

Nevroloji problemlər: uşaqlar və yeniyetmələrdə epilepsiya, epileptiform paroksizmlər, baş ağrıları, somnambulizm,tiklər, enurezsinir sisteminin bətndaxili inkişaf qüsurları, uşaq serebral iflici

hiperaktivlik, diqqət zəifliyi sindromu

 

Peyvənd təqvimi

 

4-7 gün – Hep B, BCG, OPV,

 

2 aylıqda -Hep B, OPV,GDT,Hib,PK

 

3 aylıqda –OPV,GDT,Hib,

 

4 aylıqda –OPV,GDT,Hib,PK

 

6 aylıqda –Hep B, PK

 

12 aylıqda – QPM

 

18 aylıqda –OPV,GDT

 

6 yaşında –DT,QPM

 

 Qeyd:

Hep B-  hepatit B əleyhinə

BCG-  vərəm əleyhinə

OPV-  poliomielit əleyhinə

GDT- göyöskürək, difteriya, tetanus əleyhinə

Hib-  haemophillus influenzae əleyhinə

PK-  pnevmokokk əleyhinə

QPM-  qızılca, məxmərək, epidemik parotit əleyhinə

DT-  difteriya, tetanus əleyhinə

 

Övladınızın vaksinasiya prosesini uğurla keçməsini istəyirsinizsə, aşağıdakl qaydalara  riayət etməyiniz lazımdır.

Vaksinasiya prosesindən əvvəl:

Vaksinasiya prosesindən öncə övladınızı həkim müayinəsindən keçirərək onun tam sağlam olduğuna əmin olmalısınız.

Diatezli və allergiyaya meyilli olan uşaqlarınıza vaksinasiyadan əvvəl 3 gün ərzində həkim tərəfindən təyin edilmiş, uşağınızın yaşına uyğun dozada hər hansı bir desensibilizasiyaedici preparat verin.

Dərk edən uşaqlarınızı aldadaraq deyil, başa salaraq vaksinasiyaya gətirin. Təcrübə göstərir ki, aldadılaraq vaksinasiyaya gətirilən uşaqlar iynə vurularkən maksimal dərəcədə müqavimət göstərdikləri və manipulyasiya zamanı tərpəndikləri üçün yerli reaksiyalar onlarda daha çox özünü göstərir.

 

Vaksinasiya prosesi zamanı:

Vaksinasiya olunarkən uşağınızın rahat və sakit uzanması və ya oturmasını təmin edin ki, vaksin yeridilərkən iynə tərpənməsin və əlavə yerli reaksiyalara yol açmasın.

Vaksin yeridildikdən sonra onun yerini ovuşdurmayın!

İnyeksya yerinə leykoplastr yapışdırılanadək əl dəyilməsinə yol verməyin.

Vaksinasiya prosesindən sonra:

İnyeksiyadan sonra üç gün ərzində uşağınızı çimizdirməyin və iynənim  yerinə su dəyməsinə şərait yaratmayın. Bədən hərarətinə nəzarət edin. Əgər hərarətin yüksəlməsi nəzərə çarparsa həkim ilə əlaqə saxlayın.

Vaksinasiya zamanı özünü “yaxşı aparan” uşaqlarınızı mükafatlandırmağı da unutmayın. Bu planlı vaksinasiyalar zamanı növbəti dozanı almaq üçün uşağınızın daha həvəslə gəlməsinə və proseduru daha rahat keçirməsinə səbəb olar.

Əgər inyeksiya yerində qızartı, şişkinlik, istilik, və bərkimə kimi əlamətlər  hiss etsəniz həmin yerə birinci sutka ərzində yod qəfəsi çəkə bilərsiniz. Əlamətlər ikinci gün də davam edərsə, həmin yerə 95◦ spirtlə suyun 1:1 nisbəötində qarışdırılmış məhlulu ilə kompress qoyun. Kompresləri 2-4 saatdan bir dəyişin. Qızartı və şişkinlik 5 sm-dən çox olarsa, həkiminizə müraciət edin.

Müqəddəs Ramazan Bayramınız Mübarək

Dünya müsəlmanlarını və bütün dünya Azərbaycanlılarını Müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik edirik

Bu gün İslam dünyasının ən müqəddəs günlərindən biri – Ramazan bayramıdır.On bir ayın sultanı Mübarək Ramazan ayı artıq sona çatdı. Bu bir ay müddətində müsəlmanlar adətən niyyət tutaraq  oruc tutur,namaz qılır, axşamlar isə iftar açaraq yenə namaz qılaraq Allah qarşısında mənəvi borclarını yerinə yetirdilər.

Bir ay nəfslə mübarizədən sonra möminlər Fitr bayramında öz istəklərinə qələbə çaldıqlarını qeyd edirlər.Mübarək Ramazan ayı bitdikdə, şəvval ayının 1-ci günü Fitr bayramı qeyd olunur. Hədisdə buyurulur: “Fitr bayramı günü möminləri səsləyərlər: “Ey möminlər! Bu gün Ramazan ayında etdiyiniz xeyir işlərin mükafatını alın!”

Müqəddəs Ramazan Bayramınız Mübarək! On bir ayın sultanı olan Ramazan ayı münasibəti ilə hər kəsi təbrik edirik! Uca Tanrı hər kəsin ibadətini,istəyini və dualarını qəbul etsin!

Ramazan bayramı hər bir müsəlmanın sevincinə səbəb olsun və bu bir ay ərzində edilən bütün xeyirxah dualar gələn Ramazana qədər gerçəkəşsin!

AMİN!

Cinsi yolla keçən infeksiyalar – sonsuzluğun səbəbindən biridir

Sonsuzluğun səbəbinin müəyyən edilməsi üçün ailə cütlüyü üzvlərinin hər birinə təyin edilən ən əsas ilkin müayinələrdən biri CYKİ görə müayinənin aparılmasıdır.

Cinsi yolla keçən infeksiyalar (CYKİ) – bir insandan digərinə əsasən seksual əlaqə zamanı (cinsi yolla) keçən xəstəliklərdir.

CYKİ-ın əksəriyyəti, onlara düzgün diaqnoz qoyulduqda, müalicə vaxtında başlandıqda və sona qədər aparıldıqda sağalan xəstəliklərdir. CYKİ-ın qəddarlığı ondadır ki, onlar çox vaxt heç bir əlamətlə özlərini büruzə vermir və ya bu simptomlar çox zəif dərəcədə ifadə oluna bilirlər. CYKİ müalicə olunmazsa və ya onun müalicəsi düzgün aparılmazsa, onlar xroniki, gizli formaya keçərək bir sıra fəsadlar törədə bilərlər: sidik yolları və daxili cinsiyyət üzvlərinin iltihabi xəstəlikləri, kişilərdə impotensiya, kişilərdə və qadınlarda sonsuzluq və s. Buna görə də, sonsuzluğun müalicəsi zamanı, CYKİ-yə görə müayinələrin aparılması vacib hesab edilir.

Cinsi yolla keçən infeksiyalar aşağıdakı yollarla ötürülə bilər:

– cinsi akt zamanı;

– qeyri-steril tibbi alətlərdən istifadə edilməsi ilə;

– xəstənin qanı ilə kontaktda olduqda;

– tək-tək hallarda xəstələrin məişət və şəxsi gigiyena əşyalarından istifadə etdikdə.

Anatomik quruluşundakı xüsusiyyətlərinə görə qadınlarda bu infeksiyalara yoluxma ehtimalı kişilərə nisbətən daha çox olur. Bundan başqa, qadının anatomik xüsusiyyətləri xəstəliyin ilkin əlamətlərinin daha gizli şəkildə getməsinə “kömək” edir.

Cinsi yolla keçən infeksiyaların əsas əlamətləri aşağıdakılardır:

– cinsi orqanlar sahəsində qaşınma və yandırma hissiyyatı;

– çox tez-tez və ağrılı sidik ifrazı;

– cinsi orqanlardan qeyri-adi görünüşlü və qoxulu selik ifrazının olması;

– cinsi orqanlar və anal (arxa) dəlik (anus) sahəsində qızartının olması;

– bədəndə səpgilərin əmələ gəlməsi;

– cinsi orqanlarda və anal dəlik ətrafında (anus), ağızda, dodaqlarda xoraların, suluqlu qabarcıqların və sızanaqların meydana gəlməsi;

– limfatik düyünlərin (əsasən qasıq nahiyəsində) böyüməsi;

– qadın və kişilərdə – qarının aşağı hissəsində ağrıların yaranması; qadınlarda cinsi əlaqə zamanı uşaqlıq yolunda olan ağrılar, aybaşılar arası dövrdə uşaqlıq yolundan qan qarışıqlı ifrazatın olması.

Əgər hər hansı insan özündə CYKİ – cinsi yolla keçən infeksiyaların istənilən bir əlamətini hiss edərsə o, tez bir zamanda ginekoloqa (qadınlar), uroloq-androloqa (kişilər) və ya dermatoveneroloqa (dəri-zöhrəvi xəstəlikləri üzrə mütəxəssis) müraciət etməlidir. Ancaq onu da yadda saxlamaq lazımdır ki, CYKİ gizli şəkildə də keçə bilərlər! Buna görə də ailə qurmaq istəyində olan hər bir cütlük (həm kişi, həm də qadın) bu infeksiyalara görə tam müayinə keçməli və lazım gəldikdə isə müalicə kursu almalıdırlar! Bu gələcəkdə sağlam uşaq olmasını planlaşdıran hər bir cütlük üçün çox vacibdir!!!

CYKİ – cinsi yolla keçən infeksiyalara diaqnoz qoyulması üçün həkim ilk növbədə pasientin dərisi və cinsi orqanlarına baxış keçirir. Kişilərdə həkim uretradan yaxma (sınaq) da götürür, lazım gəldikdə sidiyin müayinəsini təyin edir. Qadınlarda isə uşaqlıq yolundan və/və ya uşaqlıq boyunundan və sidik kanalından yaxma götürülür. Ola bilər ki, sifilis və QİCS (SPİD) xəstəliklərinə görə müayinə aparmaq üçün pasientdən qan analizi (damardan) də götürülsün. Əgər qadın hamilə olarsa, o bu barədə öz həkiminə xəbər verməlidir. Çünki hər hansı bir infeksiya aşkar edildiyi halda, onun müalicəsi üçün tətbiq edilə biləcək dərman preparatlarının bəziləri dölə çox mənfi təsir edə bilər. Ailə cütlüyünün bir üzvündə hər hansı bir infeksiya aşkar edilərsə, cütlüyün digər üzvü də mütləq müvafiq müayinələrdən keçməli və lazım gəldikdə müalicə olunmalıdır. Aparılan hər bir müalicə kursundan sonra, infeksiyadan tam müalicə olunduqlarına əmin olmaq üçün həm qadın, həm də kişi təkrar olaraq CYKİ-yə görə müayinədən keçməlidirlər.

Qonoreya (tripper-süzənək)

Bu xəstəlik cinsi yolla kecir. Çox nadir hallarda və adətən, uşaqlarda bu xəstəliyə yoluxma məişət şəraitində, şəxsi gigiyenik, tualet əşyaları, ümumi yataq dəstləri vasitəsi ilə də baş verə bilər (məsələn, hamam lifində, hamam dəsmalında xəstəliyin törədicisi olan mikroblar öz həyat qabiliyyətini bir neçə saat ərzində saxlaya bilirlər). Orta hesabla yoluxmadan 3-7 gün sonra kişilərdə sidik ifrazı zamanı ağrı və yandırma hissiyyatı, xayalıqda ağrı, sidik çıxarıcı kanalından sarımtıl-yaşılaçalar rəngdə irinli ifrazat (alt paltarda ləkə qoyan) kimi kliniki əlamətlər meydana çıxır. Qadınlarda isə xəstəlik zamanı uşaqlıq yolundan sarımtıl-yaşılaçalar rəngdə ifrazat, tezləşmiş, ağrılı, çətinləşmiş sidik ifrazı, qarının aşağı hissəsində ağrılar, bəzi hallarda uşaqlıq yolundan qan qarışıqlı ifrazat, aybaşı tsiklinin pozulması və digər əlamətlər baş verə bilər. Ancaq əksər qadınlarda (cinsi orqanların bəzi anatomik xüsusiyyətlərinə görə), adətən, xəstəlik gizli şəkildə gedə bilər ki, bu da çox təhlükəli hesab edilir. Nəticə etibarı ilə bu, xəstəliyin daha gec aşkar olunmasına və bir sıra fəsadların baş verməsinə (hətta sonsuzluğa) səbəb ola bilər.

Qadınlarda qonorreya zamanı sidikifrazedici kanal, uşaqlıq yolu, anal dəlik ətrafındakı sahə və kişilərə nisbətən onların daxili orqanları da (uşaqlıq, yumurtalıqlar, Fallopi boruları) daha asanlıqla xəstəlik törədiciləri tərəfindən zədələnə bilər. Kişilərdə xəstəlik zamanı daxili cinsiyyət üzvləri də zədələndiyi üçün onlarda xaya artımlarının, toxum kisəciyi, prostat vəzinin xroniki xəstəlikləri inkişaf edir. Həm qadınlarda, həm də kişilərdə xəstəlik son nəticədə sonsuzluğa səbəb ola bilər.

Sifilis

Sifilis xəstəliyi seksual əlaqələr zamanı, qan ilə (qan köçürülməsi, tatuirovka – bədəninə şəkillər döydürməsi, iynə vurulması), həmçinin xəstələrin diş fırçasından, qab-qacağından, istifadə edilməsi, öpüş zamanı (xəstələrin ağız boşluğunda və dodaqlarında xoralar və ya qan sızan zədəli sahələr olduqda) də keçə bilər. Xəstəliyə yoluxma steril olmayan tibbi alətlərlə də (ginekoloji, stomatoloji, cərrahi) baş verə bilər.

Sifilis xəstəliyi öz inkişafı prosesində bir neçə mərhələdən keçir:

– Birinci mərhələ (ilkin sifilis) yoluxmadan 3-4 həftə sonra başlayaraq, təxminən 6-8 həftə davam edir. Bu mərhələdə xəstəlik törədicisinin bədənə daxil olduğu yerdə kiçik, ağrısız, kənarları və səthi hamar, səthindən parlaq, şəffaf maye ifraz edən dairə şəkilli xora əmələ gəlir. “Bərk şankr” adlanan belə xora əmələ gəldikdən sonra, ona yaxın olan limfa düyünləri böyüməyə başlayır. Böyümüş bu düyünlər, adətən, ağrısız olur. Şankr əksər hallarda cinsiyyət üzvlərində (kişilərdə, kişi cinsiyyət üzvü və xayalıqda, qadınlarda isə kiçik cinsiyyət dodaqlarında, uşaqlığın selikli qişasında), həmçinin anal dəlik (anus, arxa dəlik) ətrafında, ağız boşluğu və dodaqlarda yaranmış olur. Bir neçə həftədən sonra şankr müalicə olunmadan da sağalır ki, bu da onu daha təhlükəli edir. Çünki bu zaman xəstə sağaldığını düşünərək, özünü rahat hiss etsə da, o digərləri üçün yoluxucu hesab olunur! Xəstəliyin ilkin dövründə başlanan düzgün müalicə heç bir fəsad vermədən tam sağalma ilə nəticələnir.

– Yoluxmadan təxminən 2 ay sonra xəstəliyin ikinci mərhələsi başlayır. Bədənin, ovucların, ayaqaltı sahələrin dəri örtüyündə, ağız boşluğunun və cinsi orqanların selikli qişasında səpgilər (onlar vaxtaşırı yaranır, sonra isə yox olurlar) əmələ gəlir. Səpgidən başqa, qızdırma, titrəmə, yorğunluq, oynaqlarda ağrılar, az hallarda isə saçların tökülməsi də müşahidə edilə bilər.

– Xəstəlik müalicə olunmadıqda yoluxmadan 4-5 il sonra onun üçüncü mərhələsi başlayır ki, bu zaman onurğa beyni və baş beyinin zədələnməsi, psixiki pozğunluqlar, ifliclər, xəstələrin eybəcər hala düşməsi baş verir. Hazırda sifilis xəstəliyi yaxşı müalicə olunduğu üçün xəstəliyin üçüncü mərhələsi çox nadir hallarda təsadüf edilir.

Genital herpes

Genital herpes – çox yoluxucu xəstəlikdir. Xəstəliyə yoluxma cinsi əlaqə vasitəsi ilə, öpüşlə (əgər virus ağızda olan səpgilərdə olarsa), qanla, hamilə olarkən anadan uşağa, həmçinin məişət əşyaları vasitəsi ilə keçə bilər. Xəstə adam və onun ətrafında olan yaxınları şəxsi gigiyena qaydalarına çox dəqiqliklə əməl etməli, ayrı-ayrı yataq dəstləri və dəsmallardan istifadə etməlidirlər!!

Genital herpes zamanı selikli qişalar və dəri zədələnmiş olur. Yoluxmadan 3-7 gün sonra xəstələnən şəxslərin (ancaq hamıda yox; belə ki, bir çoxlarında infeksiya özünü heç bir əlamətlə büruzə vermir) cinsi yollarında qaşınma, yandırma hissiyyatı, daha sonra içərisi maye ilə dolu olan qovuqcuqlar əmələ gəlir ki, o da sonradan şəffaf maye ifraz edən xoraya çevrilir. Xoralar həm daxili, həm də xarici cinsiyyət orqanlarında, anal dəlik ətrafında, bir çox hallarda isə dodaqlarda və budlarda da əmələ gəlir. Bundan başqa, xəstələrdə qızdırma, baş ağrıları, ağrılı sidik ifrazı, qadınlarda uşaqlıq yolundan, kişilərdə isə sidik kanalından ifrazat xaric edilməsi də təsadüf edilir. Bütün bu əlamətlər sonradan heç bir müalicə aparılmadan da keçib gedə bilərlər. Virus isə insanın ömrünün sonuna qədər onun orqanizmində qalır və onun inkişafı üçün müvafiq əlverişli şərait yaranmış olduğu halda (bədənin soyuması, qızışması, yorulması, streslər keçirilməsi, digər infeksiyalardan sonra) xəstəlik təkrarən yenidən aktivləşə bilir. Genital herpes xəstəliyini tam şəkildə müalicə etmək mümkün olmur və bu zaman müalicə yalnız xəstəliyin residiv verməsi (təkrarlanması) hallarının sayının, müddətinin və ağırlıq dərəcəsinin azaldılması istiqamətində aparıla bilər.

Bəzi hallarda xəstəlik mərkəzi sinir sistemi və gözləri də zədələyə bilər. Hamilə qadınlarda isə genital herpes əksər hallarda uşaqsalmaya, vaxtından qabaq doğuşa, bəzi hallarda isə uşaqda müxtəlif anomaliyalara da səbəb ola bilər.

Xlamidioz

Hal-hazırda xlamidioz xəstəliyi cinsi yolla keçən infeksiyalar arasında ən çox yayılmış infeksiya hesab edilir.

Xəstəliyə yoluxduqdan 1-4 gün sonra xəstələrdə selikli-irinli ifrazat, ağrılı sidik ifrazı, qarının aşağı hissəsində, beldə ağrılar, qadınlarda aybaşılar arası dövrdə qanaxmalar, kişilərdə xayalıq və aralıq nahiyəsində ağrılar baş verir. Əksər qadınlarda və kişilərin bir hissəsində xəstəliyin bütün bu əlamətləri ya çox zəif ifadə olunur, ya da heç olmaya da bilir. Xlamidioz xəstəliyi müalicə olunmadığı hallarda, uşaqlıq boruları, uşaqlıq boynunun iltihabı, hamiləlik və doğuş patologiyaları, daxili orqanların (qara ciyər, dalaq, periton – qarın boşluğu divarlarını və üzvlərini örtən  qişa) müxtəlif xəstəlikləri, xaya artımlarının, prostat vəzi, sidik kisəsinin iltihabı, kişilərdə potensiyanın pozulması kimi patoloji hallara da səbəb ola bilər.

Trixomoniaz

Trixomoniaz – əksər hallarda digər cinsi yolla keçən infeksiyalarla (CYKİ) birgə təsadüf edilir. Xəstəlik əsasən cinsi yolla ötürülür. Məişətdə yoluxma yalnız tək-tək hallarda baş verir.

Xəstəliyin əlamətləri yoluxmadan 4-21 gün keçdikdən sonra özünü büruzə verə bilər. Bu zaman qadınlarda xeyli miqdarda ağ və ya yaşıl-sarı rəngli, köpüklü, kəskin, pis-xoşagəlməz iyli ifrazatın xaric olması qeyd oluna bilər. Bu ifrazat isə öz növbəsində, cinsi orqanlarda qaşınmaya, qıcıqlanmaya, həmçinin sidik ifrazı zamanı ağrı və yandırma hissiyyatının yaranmasına, cinsi əlaqə zamanı isə ağrılara da səbəb ola bilər. Aybaşı zamanı qadınlarda göstərilən bu əlamətlər arta da bilərlər. Kişilərdə sidik ifrazı zamanı yandırma hissiyyatı, uretradan (sidik kanalından) selikli-irinli ifrazatın olması baş verir. Ancaq bir çox hallarda xəstəlik açıq şəkildə ifadə olunmuş əlamətlər olmadan da keçə bilər ki, bu da müalicə olunmadığı təqdirdə son nəticədə ciddi fəsadlara səbəb ola bilər.

Trixomoniaz zamanı qadınlarda uşaqlıq yolu, uşaqlıq boynu, uşaqlığın daxili təbəqəsi, uşaqlıq boruları və yumurtalıqlar zədələnmiş olur. Bəzi hallarda infeksiya periton qatının iltihabına da (peritonit) səbəb ola bilir. Kişilərdə xəstəlik prostat vəzini, xaya və xaya artımlarını, sidik yollarını zədələyə bilir ki, bu da onlarda potensiyanın pozulması ilə də nəticələnə bilər. Xlamidioz kimi, trixomoniaz da bir çox hallarda sonsuzluğun səbəbi ola bilər.

Kandidoz

Kandidoz xəstəliyini – Kandida nəslindən olan maya göbələklərinə bənzər  mikroorqanizmləri törədirlər. Az miqdarda olmaqla, onlar əksər adamların cinsi orqanlarında, bağırsaqda mövcud olaraq heç bir xəstəlik halına səbəb olmurlar.

Ancaq uzun müddət ərzində antibiotik preparatları qəbul etdikdə, şəkərli diabetdə, hamiləlik vaxtı və s. hallarda immunitetin zəifləməsi fonunda bu göbələklərin sayının  sürətlə artması baş verə bilər. Kandidozun inkişaf etməsinə dar və sintetik paltarların geyilməsi və uşaqlıq yolunun müxtəlif tərkibli mayelərlə tez-tez püskürdülməsi, şırınqa ilə yuyulması da səbəb ola bilər. Beləliklə, kandidoz əksər hallarda cinsi əlaqədə olmadan da əmələ gələ bilir. Ancaq bu xəstəlik cinsi yolla da ötürülə bilər. Uşaqlar doğuş zamanı anadan, həmçinin sanitar-gigiyenik normaların pozulması nəticəsində digər hallarda da yoluxa bilərlər.

Kandidoz xəstəliyi ilə daha çox hallarda qadınlar xəstələnirlər. Xəstəlik kliniki olaraq, uşaqlıq yolundan xeyli miqdarda olan ağımtıl “kəsmiyə bənzər” ifrazatın, xarici cinsi üzvlərin şişkinliyi, qaşınma, sidik ifrazı zamanı yandırma hissiyyatı kimi əlamətlərlə müşayiət olunur. Əksər hallarda isə xəstəlik ya gizli şəkildə, ya da çox az əlamətlərlə keçir. Kişilərdə kandidoz xəstəliyi zamanı cinsiyyət üzvü başının və kənar pülüyün iltihablaşması, cinsiyyət üzvünün başının qızarması və üzərində xarakterik kəsmiyə bənzər təbəqənin əmələ gəlməsi və uretradan (sidik kanalından) ifrazatın olması kimi kliniki əlamətlər baş verə bilər. Kişilərdə kandidoz xəstəliyi zamanı prostat vəzi, xayalar və onun artımları, sidik kisəsi kimi orqanlar, qadınlarda isə daxili qadın cinsi orqanları, sidik kisəsi və böyrəklər də zədələnə bilər.

Papillomavirus infeksiyası

Xəstəlik insan papilloma virusu (İPV) tərəfindən törədilir. Xəstəlik həm cinsi yolla, həmçinin  hamiləlik və doğuş zamanı isə anadan uşağa keçə bilər.

Xəstəliyin əlamətləri infeksiyaya yoluxduqdan 1-9 ay sonra (orta hesabla 3 ay ərzində) özünü büruzə verməya başlayır. Xarici cinsiyyət üzvlərində, anal dəlik ətrafında, uşaqlıq yolu və ya sidik kanalı daxilində açıq qırmızı və ya dəri rəngində olan ziyillər əmələ gəlir. Onlar bəzi hallarda yastı şəkildə qalaraq az nəzərə çarpa bilərlər. Bəzən isə onların sayı və ölçüləri artaraq, tədricən gül kələminə və ya xoruz pipiyinə bənzər şəkil ala bilər. Kandilomalar (ziyillər) xəstə insanda zədələnmə sahəsində qaşınma, yandırma hissiyyatı, ifrazatın olması, bir qədər qanaxma, sidik ifrazı zamanı ağrı, cinsi əlaqə və gəzinti zamanı narahatlıq kimi kliniki əlamətlərə səbəb olurlar.

Həkimlərin  fikirinə görə, əksər hallarda qadınlarda uşaqlıq boynunun xərçənginin və kişilərdə isə xərçəng xəstəliklərinin bir hissəsinin səbəbi də insan papilloma virusunun (İPV) bəzi tipləri hesab olunur.

Yadda saxlamaq lazımdır ki, bədənin aşağı hissələrində olan ziyillərin heç də hamısı kandiloma olmasa da, belə törəmələr cinsi orqanlar və onlara yaxın yerlərdə yerləşmiş olarlarsa, mütləq həkimə müraciət etmək lazımdır! Kandilomaların heç bir halda özünüz tərəfindən xaric edilməsinə cəhd etmək olmaz!

Mikoplazmoz. Ureaplazmoz

Bu xəstəliklər əsasən cinsi yolla ötürülür. Bəzi hallarda isə qadınlar, xüsusilə qız uşaqları ümumi gigiyena əşyaları ilə də yoluxa bilərlər. Xəstəliklə həm kişilər, həm də qadınlar eyni dərəcədə xəstələnirlər. Kişilər və hamilə qadınlar üçün bu xəstəlik daha təhlükəli hesab edilir.

Mikoplazmoz və ureaplazmoz xəstəlikləri yoluxmadan 3-5 gün sonra, özlərini müəyyən əlamətlərlə büruzə verirlər. Bu zaman xəstə qadınlar cinsi üzvlər sahəsində qaşınma və diskomfortdan (narahatlıq), az miqdarda şəffaf ifrazat, ağrılı sidik ifrazından, qarının aşağı hissəsində ağrılardan şikayət edirlər.

Xəstəlik müalicə olunmadığı təqdirdə həm qadınların, həm də kişilərin cinsi üzvlərində iltihabi proseslərin baş verməsi ilə nəticələnə bilər. Kişilərdə bu xəstəliklər, həmçinin spermatogenezin (spermanın hazırlanması) pozulması nəticəsində sonsuzluğa da səbəb ola bilər.

17 İyun Tibb İşçilərinin Peşə Bayramı

İnsan üçün çox qiymətli olan, lakin çox vaxt qayğısına qalmadığı ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri durur.
Azərbaycanda tibbin inkişafı daha çox XX əsrlə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra onun həyata keçirdiyi sosial-mədəni tədbirlərdən biri də sağlamlığın mühafizə ilə bağlı idi. Bununla əlaqədar olaraq Nazirlər Şurasının 17 iyun 1918-ci il tarixli sərəncamı ilə Səhiyyə Nazirliyi təşkil olundu.
İndi Azərbaycanda öz sənətinin sirlərinə dərindən bələd olan, insanların sağlamlığının keşiyində duran minlərlə səhiyyə işçisi vardır. Azərbaycan Respublikasının Ümummilli lideri Heydər Əliyevin sərəncamına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin yaradılmasını nəzərə alaraq Tibb işçilərinin peşə bayramı gününün təsis edilməsi haqqında 4 iyun 2001-ci il tarixli sərəncamına əsasən hər il 17 iyun Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

Bu münasibətlə “Xəzər”klinikasının adından öz həkim heyyətimizi eləcədə Azərbaycandakı bütün səhiyyə işçilərini təbrik edir, onlara uzun ömür, can sağlığı və işlərində uğurlar arzulayırıq.

1 2
wordpress themes nulled | premium nulled themes | wordpress themes download